MÜSAHİBƏ | “Qarabağ”ın oyunçusu: “Heç bir rəqibdən çəkinmirik”- EKSKLÜZİV

MÜSAHİBƏ | “Qarabağ”ın oyunçusu: “Heç bir rəqibdən çəkinmirik”- EKSKLÜZİV
  07 Avqust 2013    Oxunub:1865
Sabah Avropa Liqasının üçüncü təsnifat mərhələsində İsveçdə “Gefle” ilə qarşılaşacaq Ağdamın “Qarabağ” komandası yenə də diqqəti özünə çəkməkdədir. İndi bütün futbol azarkeşlərini “köhlən atlar”ın son durumu maraqlandırır.

Hər halda, oyunöncəsi “Qarabağ”ın düşərgəsindəki vəziyyəti komandanın üzvlərindən yaxşı bilən olmaz. Elə ağdamlıların əsas simalarından olan Qara Qarayevlə söhbətimiz də komandadakı son durum və təmsilçimizin şansları barədə oldu.

- Minimal hesablı qələbəni ikinci oyun ərəfəsində nə dərəcədə böyük üstünlük saymaq olar?

- Minimal hesablı qələbənin özü də müəyyən qədər üstünlükdür. İlk oyunda qol buraxmadan qalib gəlmək çox önəmlidir. Əgər bunu bacarmışıqsa, deməli, ikinci oyun ərəfəsində üstün tərəf “Qarabağ”dır.

- Komandanın xeyli qol vəziyyəti yaradaraq yalnız 1 qol vurmasını nə ilə əlaqələndirmək olar?

- Düzdür, Bakıdakı qarşılaşmada xeyli qol vəziyyəti yaratdıq, amma bunlardan yalnız birindən istifadə etmək mümkün oldu. Bu da həlledici məqamlarda dəqiqliyin çatışmaması ilə əlaqədar idi.

- İlk oyunda xeyli sayda qol vəziyyətindən yararlana bilməyən Nikolas Geaşvilini cavab matçında Urliş Kapolonqonun əvəzləməsi daha yaxşı olmazdımı?

- Bu haqda mənim fikir bildirməyim düzgün deyil. Komandanın hücum xəttində hansı futbolçuya şans verilməsi baş məşqçimiz Qurban Qurbanovun səlahiyyətindədir.

- "Gefle"nin evdə "Anortosis"ə 4 qol vurması sizi qorxutmur ki?

- Öncə onu deyim ki, biz heç bir rəqibdən çəkinmirik. Eləcə də “Gefle”nin doğma meydanda Kipr “Anortosis”inin qapısından dörd cavabsız qol keçirməklə mərhələ adlaması bizi qətiyyən qorxutmur, amma bununla belə, bu fakt rəqibə yuxarıdan aşağı baxmamalı olduğumuzu göstərir.

- Rəqibin oyunu müdafiədən qurması sizin üçün problem yaratmırdı?

- “Gefle”nin çox yaxşı müdafiə olunduğunu deyə bilərəm. Sözsüz ki, bu amil bizim rəqibin cərimə meydançasına girməyimizə müəyyən çətinliklər yaradırdı.

- Mərhələ adlamaq mümkün olsa, daha güclü komanda ilə qarşılaşacaqsınız. Komanda buna nə dərəcədə hazırdır?

- Hələlik yalnız “Gefle” ilə cavab matçı haqqında düşünürük. Bütün diqqətimizi bu oyuna yönəltmişik. Növbəti mərhələdəki rəqib haqqında İsveçdən uğurlu nəticə ilə döndükdən sonra düşünə bilərik.

- Play-off mərhələsində yenidən Skandinaviya ölkələri təmsilçilərindən biri ilə qarşılaşmaq istərdinizmi?

- Yuxarıda da qeyd etdiyim kimi, heç bir rəqibdən çəkinmirik və dolayısıyla, hansı komanda ilə qarşılaşacağımızın ciddi fərqi yoxdur. Amma öncə “Gefle” səddini aşmalıyıq.

- "Qarabağ"ın qrup mərhələsinə vəsiqə qazanmaq şansını necə qiymətləndirirsiniz?

- Qrup mərhələsinə vəsiqə qazanmaq şansı öz əlimizdədir. Bu hədəfə gedən yolda bizi asan rəqibin gözləmədiyini bilirik, amma Allahın köməyi ilə arzulanan məqsədə çatmağa çalışacağıq.

Tural Məmmədov


Teqlər:  





Xəbər lenti